Markov da kənar qüvvələri günahlandırıb | VİDEO

   Markov da kənar qüvvələri günahlandırıb    | VİDEO
  03 İyul 2025    Oxunub:713
Rusiya ilə Azərbaycan arasında münasibətlərdə fikir ayrılıqları kənardan süni şəkildə qızışdırılır.
AzVision.az xəbər verir ki, Rusiyanın “Siyasi Tədqiqatlar İnstitutu”nun direktoru, politoloq Sergey Markovun fikrincə, Rusiya ilə Azərbaycan arasında münaqişəni qızışdırmağa çalışan bir neçə kənar qüvvələr var. Bunlar, ilk növbədə, Moskvanın bütün qonşuları ilə problem yaşamasını çox arzulayan Qərb dövlətləridir.

“Hesab olunur ki, NATO ölkələri arasında qeyri-rəsmi razılaşma var . Fransa Rusiya ilə Ermənistan arasında münasibətlərin, Böyük Britaniya isə Rusiya-Azərbaycan münasibətlərinin pozulmasına məsuldur”, - rusiyalı ekspert bildirib.

Markov vurğulayıb ki, İrəvana təsir göstərmək Bakıdan daha asan oldu, çünki Azərbaycana qərbyönümlü yox, suveren siyasət yeritməyə çalışan prezident İlham Əliyev rəhbərlik edir.

- Azərbaycanı Rusiyadan qoparmaq daha çətindir, lakin Britaniyanın xüsusi xidmət orqanları Fransa xüsusi xidmət orqanlarından qat-qat güclüdür. Ona görə də, bu kənar qüvvələrin bütün mövcud boşluqlarda böyük rolu var. Bundan əlavə, Rusiyanı təkcə Azərbaycanla deyil, Türkiyə ilə də düşmənçiliyə sövq etmək istəyən çox güclü türkofob qüvvələr var”, – Sergey Markov söyləyib.

Yeri gəlmişkən, bir sıra rusiyalı rəsmilər və siyasətçilər Rusiya ilə Azərbaycan arasındakı strateji müttəfiqlik xarakterli münasibətləri pozmağa çalışan qüvvələrin olduqları barədə son iki gündə açıqlamalar veriblər.

Xatırladaq ki, iyunun 27-də Rusiyanın güc strukturları əməkdaşları Yekaterinburqda azərbaycanlıların 10-dan çox mənzilində axtarış apararaq, 50-yə yaxın adamı saxlayıb. Bu zaman hüquq-mühafizə orqanlarının vəhşi və qanunsuz əməlləri nəticəsində saxlanılan Ziyəddin və Hüseyn Səfərov qardaşları dünyasını dəyişib. Azərbaycanda aparılan tibbi ekspertiza onların ölümlərinin döyülmə və mümkün işgəncələr nəticəsində baş verdiyini sübuta yetirib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Azərbaycan   Rusiya   London  



Xəbər lenti